Tanınmışlarımız

Xalqın Sevimlisi, Pedaqoji Fədakar – Həbib Səmədov

Azərbaycan təhsilinə ömrünü həsr etmiş ziyalılarımız xalqın yaddaşında öz əməlləri, yetişdirdikləri nəsillərlə yaşayırlar. Onlar yalnız dərs deyən müəllim deyil, həm də həyat məktəbinin ustadlarıdır. Belə şəxslərdən biri də ömrü boyu gənclərin savadlı, vətənpərvər və ziyalı kimi formalaşmasına çalışan Həbib Səmədov olmuşdur. Onun pedaqoji fəaliyyəti, insanlara olan qayğısı və mənəvi dəyərlərə sadiqliyi bir çoxlarının həyat yolunu işıqlandırmışdır.

Səmədov Həbib Yusif oğlu

Səmədov Həbib Yusif oğlu 1932-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil aldıqdan sonra Bakıda ali təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə doğma kəndində — Zərkənd kənd orta məktəbində müəllim kimi başlamışdır. Öz zəhməti, biliyi və təşkilatçılıq qabiliyyəti ilə qısa müddətdə məktəb direktoru vəzifəsinə yüksəlmişdir. Həbib müəllim həm bacarıqlı pedaqoq, həm də nümunəvi təşkilatçı kimi tanınırdı. Onun rəhbərliyi dövründə şagirdlərin təhsilinə xüsusi diqqət yetirilirdi. Məhz bu səbəbdən həmin illərdə məktəbi bitirənlərin 90 faizdən çoxu ali təhsil müəssisələrinə qəbul olunurdu.

Bu gün respublikanın müxtəlif sahələrində çalışan təhsilli kadrların əksəriyyəti onun yetirmələridir. Həbib müəllim işinə məsuliyyətlə yanaşan, səmimi, işgüzar və tələbkar bir insan idi.

1988-ci ildə məlum hadisələr səbəbindən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, burada da pedaqoji fəaliyyətini davam etdirmişdir. Paytaxtın orta məktəblərindən birində müəllim kimi çalışmış, lakin sonralar səhhətində yaranan problemlər səbəbindən işini dayandırmalı olmuşdur. Bir neçə illik xəstəlikdən sonra 2011-ci ildə dünyasını dəyişmişdir.


Həbib müəllimə ithaf

İsmixan Didərgin

Mərifətdə tayın yoxdur dünyada,
Təksən bu dünyada, Həbibim mənim.
Hal bilən, dərd qanan çoxdu dünyada,
Bir dürsən dəryada, Həbibim mənim.

Dillənən könülümün incə simidi,
Hər sözün bizlərə türfə kimidi,
Qəlbin dosta açıq, süfrə kimidi,
Sir verməzsən yada, Həbibim mənim.

Sən tək etibarlı hardadı, harda?!
İmdad diləyəni qoymazsan darda,
Mərifətdən söhbət olan diyarda,
Tez düşərsən yada, Həbibim mənim.

Dost yolunda başı fəda edərsən,
Laçın kimi düşmən bağrı didərsən,
Simurqun tək lələk salıb gedərsən,
Yetişərsən dada, Həbibim mənim.

İsmixan müntəzir gəlsin karına,
Başım armağandır ixtiyarına,
Üzlərim payəndaz ayaqlarına,
Layiqsən bu ada, Həbibim mənim.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button