Oktyabr 23, 2025
  • Haqqımızda
  • Əlaqə
  +994 (50) 205 10 99
  info@zarkend.az
Zərkənd.az
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
ZƏRKƏND TV
No Result
View All Result
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
No Result
View All Result
Zərkənd.az
No Result
View All Result

Zərkənd haqda məlumat

(Müvəqqəti post)

Zərkənd (Qızılxaraba, 1935-ci ilədək Zərkənd) – azərbaycanlı kəndi idi. Rayon mərkəzindən 15 km şərqdə, dəniz səviyyəsindən 2112 m hündürlükdə yerləşir. Zərkənd Basarkeçər rayon mərkəzindən 15 km şərqdə azərbaycanlılar yaşamış kənd olmuşdur. Əsası 1801-ci ildən qoyulub. Əhali heyvandarlıq və əkinçilik sahələrində çalışırdı. Orta məktəbi, klubu, kitabxanası var idi.
Zərkənd kəndinin nə vaxt salındığı barədə el arasında belə məlumat var: “1738-ci ildə Dəli İsmayıl və Təhmən Şəmkir rayonunda Dəllər kəndindən buraya (Zərkənd kəndi nəzərdə tutulur) gəlib binə bərkidiblər”. Əlbəttə, bu tarixi sənəd deyil, olsa-olsa adi bir məlumatdır, amma kəndin yaxın tarixini özündə əks etdirdiyindən əhəmiyyətsiz deyil. Kəndin yaxınlığındakı Kalafalar bir qədim kəndin xarabalığıdır. Amma bu haqda heç bir məlumat yoxdur.
Burdan belə nəticəyə gəlmək olar ki, Kalafalar Zərkəndə nisbətən daha qədimdə mövcud olmuşdur. “Kəndin yuxarı məhəllə deyilən ərazisində sari torpağın içindən tez-tez çoxlu haqıx, müxtəlif formalı muncuqlar, eyni zamanda, nizə, ox ucluqları və xəncər tiyələri tapılırdı. Bu nizə, ox ucluqları və xəncər tiyələri misdən idi. Maraqlıdır ki, misdən hazırlanan xəncər tiyələri, eləcə də ox, nizə ucluqları saysız-hesabsızdı.
Kəndin içində təzə evlərin tikintisi zamanı dəfələrlə qəbirlər, quyular (kurqanlar) aşkar olundu. Bu vaxt quyuların içindən iri küpələr də tapılmışdı. Kəndin içində, hamamın yaxınlığında nəhəng daş sütunlar adamı heyrətə gətirirdi. Buradakı üstü xaçlı daşlar, yaxşı cilalanmış nəhəng daşlar çox güman ki, kəndimizin qədim tarixini əks etdirməkdə idi.
Kəndin içində rast gəlinən qədim qəbirlər, quyular, nəhəng daş sütunlar, ən nəhayət misdən hazırlanmış nizə, ox ucluqları, xəncər tiyələri təbii ki, kəndin qədim tarixini özündə əks etdirir. Biz tərəddüd etmədən deyə bilərik ki, burada mis dövründə yaşayış olmuş, daha doğrusu, bu ərazi qədim yaşayış məskənidir. Deməli, Zərkəndin bir neçə minillik tarixi var. Sadəcə burada bir dəfə də olsun arxeoloji qazıntılar aparılmamış, tarixi abidələr öyrənilməmişdir.
Zərkənddə hacılar (Hacı Süleyman və b.), məşədilərin (Məşədi Məsim, Məşədi Əli, Məşədi Abdulla, Məşədi Əziz, Məşədi Oruc, Məşədi Hüseyn, Məşədi Allahverdi, Məşədi Şahverdi və b.), kərbəlayilər (Kərbəlayi Nəcəfalı, Kərbəlayi İsaq, Kərbəlayi Abbas, Kərbəlayi Bayram, Kərbəlayi Sadıq və b.) varlığı bu bu yaşayış məntəqəsinin nisbətən varlı adamlarını, din-iman əhlini göstərməkdədir. Kənddəki mollalar (Molla Rəhim, Molla Əhməd, Molla Musa, Molla İbrahim, Molla Müsəllim) da kənd əhalisi arasında xeyli savadlı adamlar olmasını təsdiq edir. Adamların dediklərinə görə, Molla Əhməd çox savadlı olmuşdur.
Kənd dağlıq ərazidə yerləşdiyindən, qış uzun çəkdiyindən burada yaşayanlar son dərəcə işgüzar, cəfakeş adamlardı. Kənddə 30-cu illərdə kolxoz quruluşu yaradılsa da, xalqın güzəranı yaxşı keçməmiş, əvvəlcə 37-ci ilin tuthatutu, ondan bir neçə il sonra başlanan müharibə adamların güzəranını çətinləşdirmişdi. Müharibəyə getmiş adamlardan yetmiş nəfər geri qayıtmamışdır. Kənddə kolxoz quruluşu təxminən otuz il davam etmiş, bu illərdə Aşıq Aslan (Zərkənd kəndi), Həmid (Zərkənd kəndi), Əmralı (Zərkənd kəndi), Murad (Qoşabulaq kəndi) və Cəmşid Hənifəyev kimi adamlar kolxoz sədri olmuşlar. Bu kolxoz sədrləri arasında yaddaqalan işlər Cəmşid Hənifəyevə məxsusdur. Kəndin inkişafında, kənd əhalisinin güzəranının yaxşılaşmasında bu böyük insanın müstəsna xidmətləri vardır.
Kolxoz quruluşu mütərəqqi quruluş deyildi. Hər ay maaş ala bilməyən adamlar ailəni dolandırmaq üçün yenə cəfa çəkməli idilər. Çünki ilin sonuna yaxın bir dəfə əmək gününə uyğun bölgü olur, hər kəs əmək gününün sayına görə buğda, arpa, yağ, pendir və s. ala bilirdi. Bu dövrdə hər ay maaş alan adamlar müəllimlərdi. Onların xeyli imtiyazları da vardı. 60-cı illərdən sonra kənddə kolxoz quruluşunun sovxoz quruluşu ilə əvəz olunması Zərkənd əhalisini xeyli dirçəltdi. Adamlar genişeyvanlı, üstü şiferli evlər tikdilər, yaşayış yaxşılaşdı. Kənddə elmə, təhsilə maraq daha da gücləndi, çünki Zərkənd orta məktəbi rayonun nümunəvi məktəblərindəndi. Kənddə ali təhsilli adamların sayının artmasında, təhsilə, elmə marağın güclənməsində Həbib müəllimin xidmətləri çoxdur.
Zərkənd əhalisi də 1988-ci ilin məlum hadisələri ilə bağlı doğma kəndi tərk edib Azərbaycana pənah gətirdi. Kənd boş qaldı. Bəs Zərkənd nə deməkdir? İbrahim Bayramovun mülahizəsinə əsasən Zərkənd zar (Zərlə zar eyni mənalı sözlər deyil) kimi göstərildiyindən “dərə, yarğan” kimi izah olunur. Bəli, zar bu qeyd edilən anlamdadır. Digər bir tədqiqatçı da bunu təsdiqləyir: “Toponimiyamızda CÇ-Z-Z-Y-C-Ş dialektlərinin əksər ünsürlərinə həm müstəqil, həm də bir sıra coğrafi adların formalaşmasında əsas rol oynayan “sıldırım, uçurum, sıldırım sahil, yarğan, dik sahil, dik qaya və s. mənalı yar car cər-dar-yar-zarzor) birhecalı qədim coğrafi nomanın əvvəlində rast gəlinir”. Qeyd edək ki, kəndin adı hələ 1935-ci ildə Zərkəndlə əvəz olunsa da, bu yeni ad rəsmi şəkildə 1969-cu ildə həyata keçirilmişdir. Deməli, Zərzibil adı Zərkəndə nisbətən daha qədimdir. Buna görə Zərzibilin anlamı müəyyən edilməlidir. Onu da unutmayaq ki, tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hələ eramızm əvvəllərində, 1500-1800 il bundan əvvəl Zod mədənlərindən şaxta üsulu ilə çıxarılan qızıl məhz bu ərazidə fılizdən təmizlənmiş və emal olunmuşdur. Zənnimizcə, “Zərzibil” “qızılın təmizləndiyi, emal olunduğu yer” anlamındadır.

TAYFALAR HAQQINDA MƏLUMAT

Kəndimizdə adlı-sanlı, öz fəaliyyəti və hörmətilə seçilən adamlar çox olub. Kəndimizdə nə az, nə çox 19 tayfa olub. Onlar aşağıdakılardır:
DƏLLƏR tayfası ən böyük tayfalardan biridir. Bu tayfa özü iki şaxəya bölünür. Biri Namazalılar, digəri isə Hacısüleymanlılar və Xıdırlardır. Bu tayfanın görkəmli nümayəndəsi pullu Məhərrəmdir. O, öz hesabına Killi körpüsü çəkdirib. Məhərrəmin nəvəsi aşıq İdris ən yaxşı aşıqlardan olub. Pullu Məhərrəmin nəvəsi Musa kişi, onun övladları Firuddun, Akifdir. Akif bu gün babasının yolunu layiqincə davam etdirən bir xeyriyyəçidir. Musa kişinin özü çox sanballı el ağsaqqalı olub. Hacı Süleyman Həcc ziyarətinə gedib, vəfat edib və orda dəfn edilib. Onun törəmələrindən olan Əmrah kişi, Novruz, Ələsdan, Məhəddin babalarının yollarını davam etdirirlər. Süleymanov Rəhim, Süleymanov Əsəd Nacı Süleymanlılardılar.
ŞAHZADƏLİLƏR – Bu tayfanın ən görkəmli şəxsiyyəti Molla Əhməd Abbas oğludur. O çox dərin molla olub. Aşıq Ələsgər onun bacısı oğludur. Aşıq Ələsgər dedikdə tayı-bərabər olmayan söz ustadı, görkəmli aşıq və sənətkar yada düşür. Onun anasının bizim kənddən olması kəndimiz üçün çox şərəfli, qururverici hadisədir. Molla Əhmədin qardaşları Kalvayı Bayram, Kalvayı Abbas, əmisi Allahverən çox dindar şəxslər olublar. Həsənov Əhəd, Molla Əhmədin əmisi oğlu Məşədi Əziz və Məşədi Abdulladı. Molla Əhmədin nəvəsi Həsən Musa oğlu zəhmətkeş ağsaqqal idi, Qəşəm dayı isə bu tayfanın fəxrlərindəndir. Qəşəm dayının oğlu Hacı Ələddin çox tanımış bir pedaqoq idi, yüksək ixtisaslı kadrların yetişməsində onun zəhməti olduqca çoxdur. Əfsus ki, o, dünyasını tez dəyişdi. Onun qardaşları Elmar çox qabiliyyətli ustadır, Zülfüqarın şəxsi biznesi var. Molla Əhmədin əmisi oğlu İsrəfil kişi uzun müddət, sovetlər dövründə maslaget işləyib. Molla Əhməd Sovet dövründə Qala rəisi işləmişdi. Qasımın oğlu Bədəl kişi tanınmışlardan olub. Məşədi Əziz sovet hökuməti yeni qurulanda qaçaqlıq edib. Ona görə də onu tutub gülləyiblər. Məşədi Əzizin bacısı oğlu Ağa kişi kənd sovet sədri işləyib, qaçaqlara qarşı apardığı mübarizəyə görə, qaçaqlar onu qonaqlıq adından aparıb güllələyiblər. Molla Əhmədin oğlu Musa xeyirxah insan kimi tanınırdı. Musanın qardaşı Əli kişi Qəşəm dayının atası idi. Bir az əvvəl adını çəkdiyimiz Əhədin dədəsi Qasım kişi çox xeyrxah bir adam olub. Həsənin atası Həşim kişi azan verən, oruc tutan, namaz qılan əsl din adamı idi. Əli kişi ilə Həşim, Qasım əmi uşağıdı. Kalvayı Abbas oğlu Firuddun hamının hörmətini qazanmışdı. Bu tayfanın gənclərindən biri olan Araz “Neftçi” və yığma komandanın fütbolçusudur, gənc olmasına baxmayaraq çox məhşurdur, bir sözlə, fəxrimizdir.
ŞAMOYLAR – Məşədi Allahverdi kəndin kovxası olmuş, qardaşı Şərif xeyirxahlığı ad-san qazanmışdı. Nəsif əmi, Yusif əminin atası Səməd nənəm Qönçənin əmisi Şamoyun oğludur. Nəsif əmi uzun müddət Vedi rayonunda milis rəisi işləyib. Onun oğulları Bəhrəm, Sabir, Vaqif, Tofiq və Şəmildirlər. Yusif əmi sovetlərdən əvvəl fars dili dərsi deyib. Onun yeganə oğlu Həbib müəllim Zərkənd kənd orta məktəbinin direktoru işləmişdir. Kənddə kadrların yetişməsində əvəzsiz əməyi olub. Demək olar ki, içi mən qarışıq kəndin bütün ali təhsilli adamlarının hamısı onun yetirmələridir. Övladları Arzu, Məhəbbət, Aqil, Pərviz Həbib müəllimin davamçıları kimi cəmiyyətdə özlərinə məxsus yer tutmuşlar. Həbib müəllimi atam çox istəyərdi, öz dogma oğlu kimi, yeri gələndə qardaş kimi… Hər ikisi birbirinə bağlı insanlar idi. Məşədi Allahverdi babanın övladları Xudat, Qəhrəman, Xaliqverdi, Məhəmmədəli və Sultanəlidir. Şərif babanın övladları Tanış, Rəhman, Əlizaman, Uğurlu, İsmayıl olublar. Şamoyların nümayəndələri Xudat əmi və Nəsif əmi Böyük Vətən Müharibəsində iştirak etmişlər və təəssüf ki, hər ikisi qolunu itirmişdi. Əlbəttə, müharibədə fəal iştiraklarına görə, SSRİ-nin orden və medalları ilə təltif olunmuşdular.

SEYİDALILAR – bu tayfanın ən görkəmli ağsaqqalı molla İbrahim kişidir. O çox xeyirxah bir insan olub. Mənim də yadımdadır ki, həmişə onun qapısında dini tədbirlər keçirilərdi. Qətl sınanda adamlar yığışırdılar, «Quran» oxunardı, ehsan verilərdi. Böyük Vətən müharibəsi illərində kəndin kişiləri müharibəyə getmişdilər, çətin zaman idi, ailələr çətinliklə dolanırdılar, hamı ordu üçün əlindən gələni edirdi. İbrahim kişi rayonun müvafiq orqanları ilə müqavilə bağlayıb dağlardan çiçək yığdırıb hökümətə təhvil verər, əvəzində pul alaraq camaatın dolanışığına kömək edərdi. Molla İbrahimin övladları Həmid, Bahadur, İsmayıl, Köçəri, Məhəmməddir. Bu tayfanın nümayəndələrindən Eynullah, Mehvalı sayılıb-seçilən adamlardandırlar. Eynullah kəndin həkimi işləyirdi, gecə-gündüz kənd camaatının sağlamlığının keşiyində durardı. Gecənin hər hansı vaxtı qar-borana baxmayaraq məlumat alan kimi xəstənin yanında olardı və lazımı tibbi yardım göstərərdi. Eşq olsun belə insanlara. Mehvalının oğlu Cəlil çox yaxşı göz həkimi lmaqla bərabər xeyirxah insandır. Onun haqqında çox yaxşı sözlər eşidirik və onun xeyirxahlığından danışanlar çoxdur. İbrahim kişinin qardaşı Ciloy kişi kəndin xeyrinə, şərinə yariyan kişi olub, onun övladları Cuma, Aşot iş adamlarıdırlar. Bu tayfadan Hasan kişinin haqqında çox danışmaq olar. O, müharibədə ayaqlarını qurban verən bir kişidir. Müharibədən sonrakı dövrlərdə kənddə xəzinədar, anbardar işləmişdir. Nəbi kişi kəndin heyvandarlıq fermasında işləyirdi, gərgin işinə və nümunəvi fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Molla İbrahimin əmisi oğlu Məmmədzadə, onun övladları Alırza, Üsən həmin tayfanın üzvləridi, Xansuvar, İlya, Ələsdan seyidalıların gənc nəsillərindəndirlər.
HACILAR – Hacı Mərdan, Hacı Şərif, Nəsif bu tayfanın ən görkəmli nümayəndələri olub, Əli uzun müddət sovet sədri işləyib. Bu tayfa haqqında məlumatım az olduğuna görə ətraflı söz aça bilmirəm.
HASANLILAR – Sədir Səmədoğlu bir elm adamı kimi tanınırdı. Xeyirdə, şərdə camaatın işlərini yola verən bir adam idi. Mədəd, onun oğlu İsmayıl ağır təbiətli, qohumcanlı olublar. Bəniş, Söyün, Bahadur kənddə hörmət qazanmış adamlardandırlar. Sədrin əmisi uşaqları Ümid, Lələkişi, İsə, Musa və Qarakişi müharibədə həlak olublar, geri qayıtmayıblar. Görün bir tayfada vətən uğrunda neçə nəfər həlak olub.
MƏŞƏDİƏLİLƏR – bu tayfa haqqında yetərli məlumatım olmadığına görə qısaca olaraq, onu qeyd etmək istərdim ki, bu tayfanın üzvü Əli İsayev, İbad İsayev, Əhməd kişi mənim ana tərəfdən qohumumdurlar. Babam əsgərliyə gedib qayıtmayıb, onun qardaşı Abduləli kişi kəndin məhşur dəyirmançısı olub. Dayım Mehmandar atasının yeganə oğlu idi. Nənəm Gülü onu öz zəhməti ilə oxudub, ali təhsilli aqronom ixtisasına yiyələndirmişdir. O, aqronomluqdan kolxoz sədrinə kimi şərəfli bir həyat yolu keçmişdir. İdris kişi də Məşədəlilər tayfasındandır. Onun oğlanları Vəli, Fezi, Nürəddin, Niftalı, Hasan kişi, qardaşı Gəncəli, övladları Cəlal, Əyyam, Naildir.
AĞACANLAR – Ağakişi, Sarı, Əliş qardaşları bu tayfadandırlar. Məmməd, Dünyamalı, Əhməd qardaşları kəndin sanballı el ağsaqqalları olublar. Məmməd kişinin övladları Söyün kişi, Gülü nənə, Gülgəzdir. Gülü nənə Əhməd babayla, Gülgəz isə Ağkilsə kəndindən Məmmədov Bilalla ailə qurub. Dünyamalının oğlanları Bəxtiyar, Papır, Fərrux, tayfanın digər nümayəndələri Əli, İmran, Rəhim, Sürəddin Hasan kişinin oğlanlarıdırlar. Hasan kişinin əmisi oğlu Bəylər, onun oğlu aşıq Məhəmməddi. Nəcəfin oğlu Asxas kənddə sovet sədri işləyib.
KƏRBƏLAYI İSAQLAR – Səməd, Saleh qardaşları bu tayfanın övladlarıdırlar. Onlar xeyirxahlıqları ilə tanınırdılar. Kənddə 1-ci əkinə onlar başlayırdılar. Səmədin oğlanları Ağaverdi, Qədim, Yusif, Salehin oğlanları isə Məhəmməd, Binnət, Mahmud, Beyfut kəndin fədakar zəhmətkeşləri olublar.
KƏRİMLİLƏR – Albaba kişi, oğlanları Kazım, Bayramdır. Əliyev Mikayıl bir müddət kənddə yaşayıb, sonra Azərbaycana köçüb, sonra yenə qaydıb doğma kəndə. Albabanın əmisi oğlu Əziz, oğlu Şəmil aşıq olublar. Kazım kişinin oğlanları Rəhim, Kərim, Firuz ali təhsillidirlər. Hərəsi bir sahədə çalışır. Rəhim orta məktəbdə müəllim işləməklə yanaşı, yaxşı söz ustadıdır, Respublika Yazıçılar Birliyinin üzvüdür, çox yaxşı şeir yazır, təcnisləri ilə məhşurdur. Şəmil oğlu Həsən, Səhər oğlu Məhəmməd də bu tayfanın nümayəndələrindəndir.
XƏLİLLƏR – Kalvalı oğlu aşıq Sayad, əmisi oğlu aşıq Oruc Xəlillər tayfasının ən görkəmli nümayəndələrindəndir. Aşıq Sayadın oğlu aşıq Qəbil, qardaşı İsədir. Kalvayı Vəlinin oğlanları Əvəz, Molla Müseyib və Əziz kənddə dəllək olublar. Müseyibin oğlanları Sarı, İslam, İbrahim, Əzizin oğlanları Aydın, Şubay, İnqilabdır. Kalvayı Vəlinin tayfasından olan Müsəllim kişi, oğlanları Köçəri, Məhəmmədəli, İbrahim, Məhərrəm də Xəlillərdir.
BABALAR – Həbib kişi, Ağalar oğlu Oruc kolxozda mühasib işləmişdir. Sarının qızı Munaya ilə ailə qurdu. Əsgərliyə getdi, qayıdıb gəlmədi. Həziqulu kişi, oğlanları İsmayıl, Əli, Nəcəfqulu bu taufadandırlar. Müharibə bu ailəyə də böyük faciə gətirdi. Nəcəfqulu əsgərliyə gedib gəlmədi, qardaşı Əli qayıtsa da yaralanmışdı, bir də getdi, qayıdıb gəlmədi.
NƏCƏFALILAR –Cəfər Nəcəfalılardandır. Cəfərin oğlu Əliş Ağakişinin qızı Hamayanın həyat yoldaşı olub. Nəcəfalılar tayfasının ən görkəmli nümayəndələri Məhər kişi, Namaz, onun oğlu Mojdun olub. Məhər kişi Böyük Vətən Müharibəsində fəal iştirak edib. İtaliya uğrunda vuruşlarda qəhrəmanlıq göstərib və İtalyanın qəhrəmanı kimi yüksək fəxri ada layiq görülüb. Məhərrəm, qardaşı Söyün, eləcə də Murad bu tayfanın nümayəndələridirlər. Murad Qızılhacılıda Veteranlar Şurasının sədri işləmişdir. Onun qardaşı Şəmil zurnaçı, qardaşı Fərman isə dəf çalan olmuşdur.
CABBARLAR – Cəfərqulu kişi bu tayfanın ən adlı-sanlı ağsaqqalıdır. Onun oğlanları Həmid, Papır və Fətalıdır. Həmid kənddə kolxoz sədri işləyib, Papır kişi müharibədə iştirak edib, bir qolunu itirib. Fətalı kənd məktəbində müəllim işləyib. Bacısı Gülü kəndin kolxoz sədri Cəmşidin həyat yoldaşı olub. Cabbarov Məhər, Bayram bu tayfanın zəhmetkleşləridirlər.
MƏMMƏDCƏFƏRLƏR – Bu tayfanın sayılıb-seçilən nümayəndəsi Şaban olub. O çox varlı bir adam olub. Şabanın qardaşları İdris, Söyün və Tofiqdir.
HƏNİFƏLİLƏR – Namaz kişi tanınmış kənd sakinidir. Şirməmməd, oğlu aşıq Nazar, aşıq Müzəffər bu tayfanın nümayəndələridilər. Hənifəlilərin tanınmış nümayəndəsi Cəmşid kişi uzun müddət Zərkənddə kənd kolxoz sədri işləyib. O, çox yaxşı insan və qayğıkeş rəhbər olub. Kəndin inkişafında, camaatın güzaranının yaxşılaşmasında çox böyük işlər görüb. Onun fədakar zəhmətinin nəticəsidir ki, kənddə hamı əmin-amanlıq şəraitində yaşayıb. Cəmşidin oğlanları İsmayıl, Şahbaz, Saday, Əlövsət, qardaşları Gürzalı və Əhliman Bakıda yaşayırlar.
MOLLARZALILAR – İslam kişi bu tayfanın fəal nümayəndəsi olub. O, dünyasını dəyişənə kimi vəzifələrdə çalışıb. Oğlanları Fezi, İbiş, Yusif, bu tayfadan olan Məmməd, oğlu Avas, Bilal, onların övladları Yunis, Nəbi, Yadigar kənddə çalışmışlar. Yuxarıda adı çəkilən valideynlərin hər birinin yetərli sayda övladları vardır və onlar hal-hazırda ata-babalarının ənənələrini davam etdirməkdədirlər. Ferizin övladları Firdovsi, Füzuli, Xəqani, Bakir bu tayfanın layiqli davamçılarıdırlar. Firdovsi çox savadlı bir insandır, həmdə olduqca təəssübkeş, qayğıkeş bir şəxsdir.
MOLLAUSUBLAR – Usubov Məhər tayfanın ən tanınmış adamı olub. İsmayıl, Xanıt, Valeh bu tayfanın nümayəndələridilər. Məhər kişi çox çalışqan, təşəbbüskar bir kişi idi. O, uzun müddət kənddə partiya təşkilat katibi işləmişdir. Məhərin oğlanları Arif, Sahib, Asdan öz sahələri üzrə çalışırlar və tayfalarının ənənəsini davam etdirirlər.
KALVƏLİLƏR – Aşıq Asdan kolxoz qurulandan sonra kolxoz sədri işləyib, Məhəmməd çox tanımış bir ağsaqqal olub. Onun övladları Əli, Vələddindir. Məhəmmədin əmisi oğlu Söyün, onun oğlu Haqverdi, Valeh, Saleh, Alı Abbasov, Həsən də bu tayfanın yetirmələrindəndir. Şirəli, oğlu Vəli onun oğlu Yaqub da bu tayfadandırlar.
ƏLƏKBƏRLƏR – Aşıq Mehralı, onun oğlanları Nəbi, Sultanəlidir. Bəndalı, Yaqub Mehralının qardaşlarıdır. Bəndalının oğlanları Babuxan, Məhəddin, Şöhrəddin, Yaqubun oğlanları Şəmidin və Xasaydır.

ZƏRKƏND KƏNDİ ƏTRAFINDAKI YER-YURD ADLARI
Zərkənd ətrafında dağlar (Alçaq Güney, Böyük Güney, Orta Güney, Üç daşlar, Ayı mağarası), təpələr (Təpə, Şiştəpə, Vers təpəsi, Tülkü təpəsi), dərələr (Yarıtmaz dərəsi, Nehrə dərəsi, İşıqlının dərəsi), qayalar (Qırmızı qaya, Qara qaya, Moruqlu qaya, Koralı qaya), bulaqlar (Qara bulaq, Gəncəlinin bulağı, Zilvəli bulağı, Qıvla bulağı, Göy çınqılın bulağı, Sarı bulaq, Kor bulaq, Çoban bulağı, Pəməsə bulağı, Südlü bulaq, Allahverdibiçənin bulağı, Qoşabulaq, Çamurlu bulağı, Nəhrəduran bulağı, Yemişən bulağı, Kalvayı Sadığa toy olanın bulağı, Sabir bulağı, Köhnə komun bulağı, At ölən bulağı, Soyuq bulaq, Kalafaların bulağı) və müxtəlif yer yurd adları (Meşə zolağı, Balabəyin qoruğu, Gəncəlinin öyü, Mollabaşı, Rumbasar yolu, Nəbiüzəngitapan, Sutökülən, Göl yeri, Canavar yuvası, Qarovul daşı, Üçdaşın yolu, Məşədi İsgəndərin komu, Alma ağacı, Ocaq, Arabaqaçan, İldırımvuran, Üçdaşın döşü, Kartof yeri, Pazı yeri, Qara Namazın kalafası, Tala yerləri, Yelli yurd, Dikinə əkənəklər, Namazın qaraçöpü, Öküzuçan, İbrahimin çuxuru, Quzeyin dibi, Təzə komlar, Alban xaçı, Tap arxı, Sarı torpaq, Pulçıxan, Köhnə kom, Atölən) az deyil. Gördüyümüz kimi bu yer-yurd adlarının çoxu şəxs adları ilə bağlı etnonimlər olub, bu ərazidəki yerli əhalinin etnik bünövrəsinin kimliyini təsdiq edir.
***
Böyük Güney. Alçaq Güneyin yanındakı hündür dağdı. Bu dağ Zirvəliyə birləşirdi. Sutökülən. Şəlalə idi. Zilvəlinin bulaq sularının qovuşmasından yaranmışdı. Bunun ətrafındakı düzənlik Sutökülənin düzü adlanırdı. Burada qədim türk qəbiristanlığı yerləşirdi. Bu qəbiristanlıqda çoxlu qoç heykəlləri vardı.
Pulçıxanın dalı. Təpənin arxasında, İsmayıl bulağının döşündə yerləşirdi.
Alçaq Güney. Zodla Zərkənd kəndləri arasında yerləşən Alçaq dağın son vaxtlar ətəyinə xeyli ağac əkilmişdi.
Meşə zolağı. Alçaq Güneyin ətəyindəki ağaclığa deyilirdi.
Balabəyin qoruğu. Biçənək idi, onu Kərimlilər tayfasından Balabəy qoruyub biçdiyinə görə, bu ərazi Balabəyin qoruğu adlanırdı.
Gəncəlinin öyü. Alçaq Güneyin ətəyində tikilmişdi. Gəncəlinin bulağı onun yanında idi.
Rumbasar yolu. Bu yolla piyada Kəlbəcər və Zodun Kəlbəcər və qızıl mədəninə gedirdilər. Bu yol Kiçik Güneyin qurtaracağında, Böyük Güneylə Alçaq Güneyin arasında idi.
Təpə kəndin yaxınlığında yerləşən alçaq yerdi.
Onım təpəsi yastana idi, ətəyində evlər vardı.
Şiştəpə böyük Güney dağı ilə üz-üzə idi.
Şiştəpə otlaq yeri sayılırdı.
Qarovul damı. Orta Güneyin qurtaracağında yerləşən düzənliyin içindəki kalafaya deyirdilər. Bu ərazidə müxtəlif pencərlər (quzuqulağı, cincilim, əvəlik, xatınbarmağı) bitirdi.
Üçdaşların yolu. Üçdaşlar dağını ətəyindən keçən yol belə adlanırdı. Bu ərazi moruq kolları ilə örtülü idi.
Rəməsə bulağı. Üçdaşlar dağı ilə Qarovul damının arasında yerləşirdi. Çox səfalı yer olduğuna görə bəzən xeyir işləri onun başında keçirirdilər.
Qırmızı qaya. Orta Güneyin qabağındakı qırmızı qayalığa deyirdilər. Bu yerin qabağında çoxlu dibəklər vardı. Bu dibəklər kəvək daşdan hazırlanmışdı. Qırmızı qaya deyilən yer otlaq yeri idi, qışda oranı qar tutmadığına görə ondan otlaq kimi istifadə olunurdu.
Allahverdibiçən bulaq. Biçənək yeri Allahverdibiçən adlandığından onun yaxınlığındakı bulaq da belə adlanırdı. Bu bulaq dağ ətəyində yerləşirdi.
Taya yerləri. Köhnə komun yanında, təzə tikilən komların qabağında idi.
Qara qaya. Zilandöyüşənlə Üçdaşların arasında yerləşən hündür qaya idi.
Yelli yurd. Çox yeri düzənlikdi. Uzun güneyin ətəyində idi. Burada həmişə külək olduğuna görə el-oba arasında buraya Yelli yurd deyirlər.
Tülkü təpəsi. Qoşabulağın yanında yerləşirdi. Onun yaxınlığında yeddi qardaşın bulağı vardı.
Koralı qaya. Təpəlik yerdi, kənardan bu təpə koraya (mismara) oxşayırdı. Bu yerdən keçib gedəndən çox qorxurdular. Burada deyilənə görə cin yığnağı vardı.
Cinli qaya. Koralı qayanın bir tərəfində yerləşirdi. Buna görə adamlar şər vaxtı, qaranlıq düşəndə oradan keçmirdilər.
Çevirmə qayası. Koralı qayanın o biri üzündə yerləşən qayaya deyirdilər.
Namazın qaraçöpü. Dağ yerlərinin arası belə adlanırdı. Bu ərazi əkin yerlərindən ibarətdi. Buraya arpa, buğda əkirdilər.
Öküzuçan. Yatmazın dərəsinin qaşında dik, sıldırım yerdi.
Kalafalar. Kənddən bir kilometr yarım məsafədə, iki təpənin arasında yerləşirdi.
Təzə komlar. Kalafalardan 150-200 m aralıda tikilən komlar idi.
Alban qəbristanlığı. Alçaq təpənin üstündəki yastamada yerləşirdi.
Tap arxı. Orta arxın, daha doğrusu Alban qəbristanlığının bir tərəfində idi.
Nəbiüzəngitapan. Şiştəpənin arxasındakı əkin yeri. Burada taxıl əkirdilər.
Göl yeri. Zilvəlinin ətəyindəki əkin yeri. Burada bir neçə bulaq yerləşirdi. Vaxtilə buraya yaylağa çıxırdılar. Bura mal-heyvan örüşü, şirəli otlaqla zəngin yerdi.
Qıvla bulağı. Yatmazın dərəsində idi. Onun yaxınlığında Arvadlarpaltaryuyan qaya vardı. Yatmazın dərəsi də əvvəllər yaylaq yeriydi. Burada kalafalar da az deyildi.
Köhnə komlar. Zilvəli dağının ətəyində idi. Bu ərazi də yaylaq yeri olmuşdur.
Göy çınqıl. Zilvəlinin yaxınlığında yerləşirdi, qayalıq yerdi. Oradan sallıq daş gətirib pəyələri sallayırdılar.
Vestin təpəsi. Yayla yeri idi. Bu ərazi Göy çınqılla birləşirdi.
Çoban bulağı. Orta Güney dağının Kəlbəcərə baxan tərəfində idi. Bu bulağın suyu çox soyuqdu.
Canavar yuvası. Çoban bulağının yuxarı tərəfində dikdəydi. Burada bir neçə qurd yuvası vardı.
Qoşabulaq. Bu bulaqdan kəndə içməli su çəkilmişdi. Qoşabulaq dağ yerlərinin arasındakı əkin yerinin yanında idi.
Arabaqaçan. Üçdaşlar dağının ətəyində idi.
Südlü bulaq. Arabaqaçanın başında, düzənlikdə yerləşirdi.
Çamırlı. Uçdaşlar dağının ətəyində Çamırlı (palçıqlı) yerdi. Bu ərazidə Çamırlı adlı bulaq da vardı. Çamırlı bulağının suyu soyuqdu.
Təzə yol. Uçdaşlar dağının döşündən, Dağ biçənəyindən Ayı mağarası dağına gedən yola deyirdilər.
Dağ biçənəyi. Uçdaşlar dağı ilə Orta Güneyin arasındakı düzənlik dağ biçənəyi idi.
Gorsun bulağı. Orta Güney dağının lap qurtaracağında idi.
Kartof yeri. Arabaqaçanın sol tərəfindəki düzənlikdə yerləşirdi. Burada kolxoz quruluşu vaxtlarında kartof əkildiyindən Kartof yeri adlanır. Kartof yeri Qırmızı qayanın suyu ilə suvarılırdı.
Pazı yeri. Kəndin qabağında, orta arxın təxminən ortasında, düzənlikdə idi. Burada vaxtilə pazı (çuğundur) əkmişdilər. Pazı yeri adı buradan yaranmışdır.
Qara Namazın kalafası. İbrahimin çuxurunun yanında, Üçdaşlar dağının ətəyində idi. Bu kalafa Ayı Mağarası dağına gedən yolun kənarında yerləşirdi.
Korbulaq. Qarabulaq ocağının yaxınlığında idi.
İsmayıl bulağı. Pulçıxanın dalında, Alçaq təpənin döşündəydi.
İbrahimin çuxuru. Uzun Güney adlı dağın döşündə yerləşən əkin yeri idi.
Kalvayı Sadığa toy olan bulaq. Zilandöyüşənin döşündən aşağıda, yolun kənarında yerləşirdi.
Sabir bulağı. Pulçıxanın yanında yerləşən bulaq.
Köhnə kom. Zilvəli ilə Göy çınqılın ətəyində idi. Vaxtilə buradan da yaylaq yeri kimi istifadə edirdilər.
Atölən. İbrahimin Çuxurunun yanında idi.

RUMBASAR, RUMBASAR YOLU
Gördüyümüz kimi, Rumbasar sözü iki hissədən (Rum+basar) ibarətdir. Öncə Rum sözünə diqqət yetirək. Rum nə deməkdir? Göytürklər Doğu imperatorluğuna (Bizans imperiyası nəzərdə tutulur) Rum adı vermişdilər. Rum haqqında Erdoğan Altınkaya da maraqlı məlumat verir: “Urum (Rum) kəlməsi ərəblərin bizanslılara verdiyi “rum” kəlməsinin türkcə tələffüzüdür”. İndi sözün bir (ikinci tərəfinə) hissəsinə
(basar) baxaq. Bu söz “məğlub etmək”, “tutmaq”, “işğal etmək” anlamında olduğunu qəbul etsək, onda “Rumbasar” “Rum tutan”, “Rum alan” anlamındadır. Eyni zamanda “basar” həm də qədim türk tayfalarından birinin (bazar, sadəcə burada s-z əvəzlənməsi (fonetik hadisə) adıdır. Buna görə də “Rumbasar”ın “rum bazarı” kimi anlamaq mümkündür. Bunu bir az da dəqiqləşdirsək, “Rumbasar” “bizans bazarı” anlamına gələr. Təbii ki, Bizans imperiyası ərazisində türklərin də yaşaması məlumdur. Rumlar Anadoluda da, Krımda da yaşayırdılar.
Anadolu rumlarının dilaektləri Qars, Ərzurum dialektlərindədir, Krımdakı rumların dialekti krım tatar türkcəsindədir. Deməli, bu rumlar türkcə danışırlar. Bunu Krımdakı rumlarla bağlı yer-yurd adları da təsdiq edir. Məsələn, Krımda 2 Çerdaklı, 2 Ulaklı, 2 Komar və 2 Başev vardır.

GORS, GORSUN BULAĞI
Bu iki yer-yurd adı ilk baxışda adamın diqqətini cəlb etməsə də, maraqlı anlam və tarixə malikdir. “Alban” tarixində VIII əsr hadisələri ilə bağlı Albaniyada Qərəz şəhərinin adı çəkilir. Əslində bu Gorus (Goros) toponiminin ermənicə yazılışıdır. Tədqiqat göstərir ki, Qoroz toponimi təhrifə uğramış, Xurs və Xoruz kimi də mövcuddur. Naxçıvandakı Xurs, Tərtər rayonundakı Xoruzlu kəndlərinin adları ilə Gorüs toponimi eyni mənşəlidir. Keçən əsrdə (XIX yüzillik nəzərdə tutulur) Ermənistanda azərbaycanlıların yaşadığı bir kənd də Gors adlanırdı. Bütün bu deyilənlərdən yararlanaraq tam əminliklə Zərkənd kəndi ətrafındakı Gors və Gorsun bulağı kimi yer-yurd adlarının qoros və ya xoros türk tayfalarının adını daşıdığını demək mümkündür. Bu adı çəkilən toponimlər qoros və ya xoros türk tayfalarının ünvanından soraq verir.

ALBAN QƏBRİSTANLIĞI
Bu qəbristanlıq Zərkənd kəndi ətrafındakı qədim qəbristanlıqdı. Qəbristanlıqda çox sayda xaçlar (albanlara məxsusdur) vardı. Maraqlıdır ki, xaç haqqında, onun ən çox yayıldığı barədə elmi ədəbiyyatda da kifayət qədər məlumat vardır. İndi həmin məlumatlara diqqət yetirək: “Xaçın ən çox yayıldığı sahə Qabaq Asiya və Zaqafqaziyadır, xüsusilə Azərbaycandır”. “Xaç qaynaqca svastikadan yaranmışdır. Svastikadan xaça keçidin ən gözəl örnəyi eramızdan əvvəllərə aid edilən Qəbələ qazıntısından tapılmış daş möhürdəki naxışdır”. B.Budaqov və Q.Qeybullayev yazırlar: “Ermənistana aid Göyçə mahalı tarixən Alban ərazisidir”. Nəzərdən keçirdiyimiz bu məlumatlar bir növ bir-birini tamamlayır, xaçın kimə mənsub olduğunu təsdiqləyir. Çünki Göyçə mahalı tarixən Alban dövlətinin tərkibində olmuşdur. Eyni zamanda xaçla bağlı qədim üzük-möhürün Qəbələdən tapılması da təsadüfı hadisə deyil. Bildiyimiz kimi, Qəbələ Alban dövlətinin paytaxtı olmuşdur.

TAP ARXI
Zərkənd kəndi ətrafındakı yer-yurd adlarından biri də Tap arxıdır. Bəs tap nədir, nə deməkdir? Filologiya elmləri doktoru İbrahim Bayramov bu sözün “yastı, düz sahə, təpədə düzənlik yer” anlamında olduğunu göstərir. Tədqiqatçı Aslan Bayramovun da bu barədə mülahizəsi maraqlıdır: “Tapı (tapu Oxçoğlu kəndində, Ocaqqulu (1946 Arapi) kəndinin yaxınlığında “Bacoğlunun tapı” adlı böyük əkin tarlaları vardı. Bundan başqa Amasiya rayonunun Çivinli kəndində “Tapılar”, Mağaracıq kəndində “Hacı Salmanın tapı” adlı mikrotoponimlər mövcud olmuşdur. Tapıtapu adlanan bu yerlər təpələrlə əhatə olunan əkin sahələridir”. O həm də qeyd edir ki, “orta əsrlərdə İstanbulda varlı adamlara torpaq sahibi olmaq üçün verilən sənədə “tapu” deyilmişdir. “Tapu” toponiminin verilən o sənədlərlə əlaqəsi şəksizdir”. Bu deyilənlərdən “tap”ın əslində “tapıtapu” olduğu qənaətinə gəlmək mümkündür, sadəcə sözün sonundakı “ı” səsi düşmüşdür. Deməli, “tap axı” “əkin sahəsinin yaxınlığındakı arx” anlamındadır.

Həsən OCAQQULİYEV

  • Haqqımızda
  • Əlaqə

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
ZƏRKƏND TV
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Həkimlərimiz
    • Müəllimlərimiz
  • Haqqımızda
  • Əlaqə
  • Foto Albom

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.