İbrahimov Xəqani Sultanəli oğlu 22 fevral 1968-ci ildə Göyçə rayonunun Zərkənd kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1984-cü ildə sovet ordusunda xidmət etmiş və 1987-ci ildə hərbi xidmətdən qayıtmış və ailəsi ilə birlikdə məlum hadisələrlə əlaqədar olaraq Göyçə mahalından Gəncə şəhərinə köçmüşlər. Xəqani İbrahimov 1989-cu ildə ailə həyatı qurmuş və Jalə adlı bir qız övladı dünyaya gəlmişdir. O, ilk əmək fəaliyyətinə Gəncə şəhəri Xalça kombinatında elektrik quraşdırıcısı kimi başlamışdır. O, 1991-ci ildə könüllü olaraq silaha sarılaraq vətənin keşiyinə yollanmış və 701 saylı hərbi hissədə xidmət etmişdir. İbrahimov Xəqani Sultanəli oğlu Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində 13 may 1994-cü ildə yaralanmış, müalicə olunması üçün Ağdam hospitalına yerləşdirilsə də həkimlərin səyinə baxmayaraq 19 may 1994-cü ildə xəstəxanada vəfat etmişdir. 20 may 1994-cü ildə meyiti Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
El-oba arasında şeir həvəskarı kimi tanınmışdı, adətən bütün tədbirlərdə yaxından iştirak edərdi. Atası vəfat etdiyindən ailənin yükü onun çiyinlərinə düşümüşdü. Xəqani də alovlu vətənpərvər və yurdcanlı olduğunda 1991-ci ildə könüllü ordu sıralarında hərbi qulluğa başladı. Ağdərə uğrunda gedən döyüşlərdə öz cəsurluğu və qorxmazlığı ilə tanındı.
O, Ağdam ətrafında gedən döyüşlərin birində həlak oldu. Qəhrəmanın ölümünü eşidəndə bacısı Mehri
dözə bilməyib bayatını bayatıya caladı:
Qardaşlar, ay qardaşlar,
Qar kəsər, yağış başlar.
Cənazəm əyri gedər,
Yapışmasa qardaşlar.
Bacının bacı dərdi,
Yoxdu əlacım, dərdim.
Keçdi şirin söhbətimiz,
Qaldı bir acı dərdim.
Dörd uşaq anası Mehri bir yanıqlı bayatı da
dedi:
Eləmi bu məni,
Nə çağırır qu məni.
Yaylığın kəfən eylə,
Göz yaşında yu məni.
Mehri qardaşı Xəqaninin ölümünə dözə bilməyib gözlərini əbədi yumdu.
QARDAŞ İTKİSİNƏ BACI DA
DÖZƏ BİLMƏDİ…
İbrahimov Xəqani Sultanəli oğlu 1968-ci ildə Ulu Göyçənin dağlar qoynunda yerləşən bir guşəsində – Basarkeçərin Zərkənd kəndində dünyaya göz açmışdır. Sultanəlinin ailəsində 4 oğul və üç qız böyüyürdü. Xəqani son beşik idi. Məktəb direktoru Həbib müəllim həmişə valideynlərinə Xəqani haqqında razılıq edərdi. Xəqani saz, söz vurğunu idi. Mərhum şair İsmixan Məmmədovun, Haqverdi müəllimin hazırladıqları maraqlı tədbirlərdə həmişə iştirak
edər, ürəkdən süzülüb gələn şeirləri çox həvəslə dinləyərdi. Yaz-yay aylarında gül-çiçəçəklərdən toplaya-toplaya ta Kəlbəcərə, İstisuya qədər gedib çıxardı. Qucaq-qucaq baldırğan, kığ, quzuqulağı yığardı, evə əlvan yamaclardan kiçik sovqatlarla qayıdardı. Tale elə gətirdi ki, Xəqaninin atası Sultanəli fani dünyadan vaxtsız köçdü. Ailə başsız, sahibsiz qaldı. Anaları Müğəddə saçlarının yarısını qara, yarısını ağ hörə-hörə bir təhər uşaqlarını böyüdüb, ərsəyə
çatdırdı. Xəqani 1986-cı ildən Göyçə mahalından Arxangelski şəhərinə əsgəri xidmətə yollandı. Qayıdanda isə
yeni yurda – Göyçədən qaçqın düşüb, Gəncədə məskunlaşan ailələrinin yanına qayıtdı. Çox keçmədən Familə adlı bir qızla ailə həyatı qurdu. Bir qızları adını Jalə qoydular.
Xəqani Vətənin dar günündə dözə bilməyib 1992-ci ildə könüllü cəbhəyə yollandı. Ağdərədə gedən qanlı döyüşlərin iştirakçısı oldu. Sonra isə ailələrinə qayıdıb, bir müddət dinc həyat sürdü, 1994- cü ilin aprelində Xəqani yenidən döyüş bölgələrinə yollandı, May ayında isə Ağdam bölgəsində ağır yaralanıb, təcili Bakıya çatdırıldı. Lakin Ulu Göyçənin bu qeyrətli oğlunu ölümün pəncəsindən xilas etmək mümkün olmadı… Xəqani Gəncə şəhərində dəfn ediləndə bacısı Mehri orada yox idi, bu işdən xəbərsiz idi. Gəncəyə qardaşının ölümündən 5 gün sonra gəlib
çıxdı. Başlarına qara bağlamış bacıları Sona və Sevdanı anası Müğəddəni, beli bükülən, ah-nalə çəkən qardaşı Söhbəddini və başqalarını görəndə bircə dəfə aman ay fələk deyib, yerə yıxıldı. Qardaş yoxluğuna dözə bilməyib, 34 yaşlı Mehri də dünyadan köçdü.